Müayinələrə hazırlıq

Bu qaydalar insanda gedən fizioloji proseslərin biokimyəvi, hormonal, hemotoloji, kompleks immunoloji testlərin aparılmasına təsir etdiyi üçün tərtib olunmuşdur.

Qan analizlərinə hazırlıq

 - Mümkün olduğu qədər bütün qan analizləri səhər və acqarına verilməlidir. Son yeməkdən 8 saatdan az, 14 saatdan çox vaxt keçməməlidir. Analiz verməmişdən bir gün əvvəl həddən çox qida qəbul etmək olmaz. Su adi qaydada və həmişəki miqdarda içilməlidir.

- Uşaqlarda qanın ümumi klinik analizinə xüsusi hazırlıq tələb olunmur. Planlı müayinələrdə acqarına olmaq məsləhət görülür. Südəmər körpələrdə analiz növbəti qidalanmadan əvvəl götürülür.

- Əgər siz hansısa dərman maddələri qəbul edirsinizsə bunu həkimə bildirməyiniz lazımdır.

- Analizlərdən bir gün qabaq və həmin günü alkoqol qəbul etmək olmaz.

- Analizlərdən bir saat əvvələ qədər siqarət çəkmək olmaz.

- Analizlərdən qabaq fiziki və emosional yüklənmənin qarşısını almaq lazımdır.

- Qan götürmə otağına gəlməmişdən qabaq 10-20 dəqiqə istirahət etmək lazımdır.

- USM, rentgen, digər instrumental müayinələr və fizioterapevtik prosedurlardan sonra qan analizləri vermək məsləhət görülmür.

- Qanda göstəricilər gün ərzində kifayət qədər dəyişə bilər, əksər laboratoriyalar referans dəyərləri səhər saatları üçün tərtib etdiyindən qan analizlərinin də səhər saatları verilməsi məsləhət görülür.

- Bir çox analizlərə xüsusi hazırlıq tələb olunur:

- Qadınlardan FSH, LH, prolaktin, progesteron, estradiol, 17-OH-progesteron, ingibin, Anti-Müller hormonu analizlərini götürməzdən qabaq müalicə həkimi ilə mentstrual tsiklin hansı günündə qan götürülməsini dəqiqləşdirmək lazımdır.

- AKTH və kortizol analizlərini səhər tezdən 7.00-10.00 arası vermək lazımdır.

- PSA analizi prostata olunan istənilən mexaniki təsirdən(masaj, şam, USM, biopsiya və s.) ən azı 7 gün sonra verilməlidir.

- Hamiləliyin 1-ci trimestrdə skrininqi üçün optimal vaxt hamiləliyin 11-13-cü həftə arasıdır.

- Hamiləliyin 2-ci trimestrdə skrininqi üçün optimal vaxt hamiləliyin 16-20-ci həftə arasıdır.

- Lipid profili(xolesterin, triqliserid, LDL, HDL) testləri 12 saatlıq aclıqdan sonra verilməlidir.

- Qlükoza(şəkər), dəmir, bilurubin, kalium, fosfor analizləri üçün 6 saatlıq aclıq mütləqdir.

Laborator nəticələri kontrol etmək üçün testləri eyni şəraitdə(eyni laboratoriya, günün eyni vaxtında, menstrual tsiklin eyni günündə) verilməlidir.